“Qafqazın Lideri” statusu günün tələbidir | Mübariz Əhmədoğlunun yazısı

   “Qafqazın Lideri” statusu günün tələbidir    | Mübariz Əhmədoğlunun yazısı
  23 May 2024    Oxunub:2949
Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri zamanı Prezident İlham Əliyevi “Qafqazın lideri” adlandırması MDB məkanında yeni mərhələnin başlanğıcıdır. Lukaşenko MDB məkanında baş vermiş proseslərin təməlində dayanan azsaylı siyasətçilərdəndir. Şəxsi planda o proseslər Lukaşenkonu Belarusda prezident kürsüsünə qaldırdı.
Lukaşenko axırıncı prezident seçkisindən sonra Rusiya-Belarus ittifaqı, AİB, KTMT və MDB məkanında inteqrasiya ideyalarını reallaşdırmağa çox vaxt sərf edir. Onun Azərbaycana səfəri proseslərin yenilənməyə başladığını göstərirdi. Lukaşenko dövlət səfərinə gələrkən Azərbaycanı AİB-ə, KTMT-yə üzvlüyə təşviq edəcəyini bildirmişdi. Prezident İlham Əliyevlə görüşdə “Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız” bəyanatını verdi. “İlham Əliyevin timsalında Qafqazın lideri” ifadəsini bir neçə dəfə səsləndirdi. Bu, Lukaşenkonun dilindən təsadüfi çıxan söz deyil. Vladimir Putinin yanında dəfələrlə səslənəcək, bəlkə hətta əvvəlcədən razılaşdırılmış ideya da ola bilər.

Lukaşenkonun (həm də Putinin) ümumiləşdirmələrinə görə Qafqazda gedən proseslər lider tələb edir. Qafqazda normal inkişafın tərəfdarı olanlar öncə Cənubi Qafqazın inteqrasiyasını, sonra bölgənin cənubi ilə şimalının arasında intensiv əlaqələrin güclənməsini dəstəkləməlidirlər. Qafqazı parçalamaq istəyənlər həm də Cənubi Qafqaz ölkələri arasında dezinteqrasiya prosesinə rəvac verəcəklər. Bölgənin şimali ilə cənubu arasında müxtəlif etnik, dini, separatçı mübahisələri dəstəkləyəcəklər. Prezident İlham Əliyev Qafqaz lideri olaraq bu prosesləri də tərəqqi və inkişaf istiqamətində aparacaq.

Bu prosesin detallaşması da çox maraqlıdır. Aleksandr Lukaşenko “Minsk” sözünə çox həssasdır; mütəxəssislərə bəllidir ki, MDB, Avropa məkanında bir sıra proseslər Minskin adı ilə bağlıdır. Hətta Minskin bəzi proseslərə ev sahibliyi etməsi üçün Lukaşenko Vatikanla intensiv əlaqədədir.

ATƏT-in Minsk qrupunun bünövrəsi Minsk şəhərində qoyulmuşdu. Ukrayna ilə əlaqəli “Minsk-1”, “Minsk-2” terminləri unudulmayıb. MDB ilə Avropa arasında əməkdaşlıq proseslərindən biri Minskin adı ilə bağlıdır. Prezident İlham Əliyevlə Ukraynada bərpa prosesini müzakirə edən Lukaşenko hətta bu məqsədlə Minski məkan kimi də təklif edə bilər. Bunun üçün əvvəlcə Belarusla Azərbaycan birlikdə Ukrayna ilə Rusiya arasında baş verən proseslərdə vasitəçilik təklifini irəli sürə bilərlər.

Ukraynanın bərpa prosesində MDB ölkələri, o cümlədən, Qafqaz xalqları aktiv iştirak edə bilər. Belə ağır münaqişənin sonunu görmək, bərpa prosesində iştirak etmək Qafqazda birlik və həmrəylik atmosferini gücləndirər.

Lukaşenkonun fikrinə bağlı qapılar arxasında dəstəyin olacağı şəksizdir. Bunun ictimailəşmə metodologiyasını hazırlamaq lazımdır. Onun ortaya qoyduğu “Qafqaz lideri” ideyası fonunda bu işlər asanlıqla həllini tapa bilər.

“Qafqazın Lideri” statusu yalnız İlham Əliyev üçündür. Onun heç bir başqa alternativi yoxdur. Buradan bizim ölkənin daxilindəki bəzi qüvvələrə də müəyyən mesajlar çatmalıdır.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin direktoru
AzVision.az üçün


Teqlər: İlham-Əliyev   Qafqaz  





Xəbər lenti